Qarabağ xan sarayı və ya Pənahəli
xan sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ
xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli
xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə
birlikdə bu sarayda yaşamışdır. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları
ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş
İbrahimxəlil xan sarayında yaşamışdır. İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən
ağa isə Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən
ağa sarayında yaşayıb. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus
Xan qızı Natəvanın sarayı və Qaraböyük xanım sarayı da var. Qarabağ xan sarayı
adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ
xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri
olmuşdur.
Azərbaycanın feodal dövrü qala-şəhərləri
üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən
formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan
yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə
hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək
üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə
Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Təbrizdə olduğu kimi
Ərk adlandırılırdı.
Adətən feodal şəhərlərinin inşasına
hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus
strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli
xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Praktiki olaraq, təhlükəsizlik üçün Şuşa yaylasının yalnız şimalını qala
divarları ilə möhkəmləndirmək kifayət edirdi. P. Zubov yazır ki, “Şuşa sanki,
möcüzə nəticəsində yaradılmışdı: Gəncə yolu tərəfdən onu hündür daş divarlar,
dar mazğallar və uca qüllələr əhatə edir, qalanın daxilindəki kiçik dördbucaqlı
qəsrlərdə isə Pənahəli xan və onun ailəsi məskunlaşıb.”
Qarabağ tarixçisi Baharlının məlumatına
görə, Şuşa qalasının inşasına yaylanın aşağı olan şərq tərəfindən
başlanılmışdır. E. Avalov qeyd edir ki, bu məlumatı Şuşanın tarixi qeyd edilməmiş
planı da sübut edir. Onun fikrincə plan XIX əsrin I yarısında işlənmişdir.
Plana əsasən içində saraylar yerləşən qəsrlər əsasən Şuşa qalasının şərq tərəfində,
təbii təpələr üzərində və ya sıldırım qayaların küncündə yerləşdirilmişdir.
Memarlıq dominantı rolunu oynayan bu qəsrlər şəhərin təbii landşaftı ilə
harmonik uyğunluq təşkil edir.
Mirzə Adıgözəl bəyin məlumatına görə
Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün “geniş
binalar və hündür saraylar” inşa edilmişdi.
Qarabağ tarixçisi Mir Mehdi Xəzani
Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala
daxilində sarayların inşa edilməsini də vurğulayır.
Şuşa qalasında inşa edilmiş qəsrlərdən
yalnız ikisi yaxşı vəziyyətdə dövrümüzə çatmışdır ki, onlar da biri qalanın cənub-şərq
tərəfində yerləşən Qaraböyük xanım qəsri, digəri isə dərin yarğan yanındakı
qaya kənarında ucalan Pənahəli xanın qəsridir.
Şuşa qalasındakı qəsrlərin özünəməxsus
memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini
cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında “Qafqaz” (rus. Кавказ) qəzetində
yazılır: “Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin
yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər.
Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir.”
Tarixi bilinməyən baş plana əsasən
müəyyən edilmişdir ki, demək olar, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya
malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə
müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr
sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi.
Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının
memarlıq xüsusiyyətləri təsir göstərmişdir.
Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin
də girişləri şimal istiqamətində yerləşir. Birbaşa girişdən müdafiə olunmaq
üçün qapının qarşısında prizmatik örtüklə
tamamlanan qüllə ucaldılmışdı. Pənahəli xanın qəsrinin yuxarı hissələri
saxlanmamışdır. E. Avalov ehtimal edir ki, Pənahəli xann qəsri və Qaraböyük
xanım qəsrində də Şahbulaq qəsrində olduğu kimi kvadrat formalı qüllə ikimərtəbəli
olmuşdur.
İki mərtəbəli saray binasında çoxlu
sayda otaqlar, o cümlədən böyük parad zalı yerləşir. Zal, binanın kompozisiya mərkəzi
rolunu oynayır. Bu zal iki tərəfdən nəhəng şəbəkə pəncərələrə malik olub. Şəbəkə
tipli pəncərələr XVIII-XIX əsrlədə Azərbaycanın yaşayış binaları memarlığında
geniş yayılmaqla, Şəki xan sarayı, Məhəmmədhəsən ağa sarayı, Mehmandarovların
evi, Şəkixanovların evi və başqa yaşayış binalarında dövrümüzə çatmışdır.