Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə
tarixi mədəniyyət abidələrinin və muzeylərin bərpası, habelə yenidən qurulması
işləri sürətlə davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın
mədəniyyət paytaxtı elan ediləndən sonra bu sahədə işlərə xüsusi diqqət
yetirilir.
Dövlət başçısı hər dəfə Şuşaya səfər edəndə bu şəhərdə
bərpa-quruculuq işlərinin miqyası daha da genişlənir. Prezident İlham Əliyevin
və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı Azərbaycan musiqi mədəniyyətinin
inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü
və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyinin və büstünün
açılışı olmuş və bu, ictimai rəydə rəğbətlə qarşılanmışdır.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin
tapşırığına əsasən 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı
yaradılıb. İki otaq, bir eyvandan ibarət bu evdə Bülbülə aid məlumatlar, müxtəlif
eksponatlar olub. Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini
keçirib. Təəssüf ki, bu ev-muzeyi 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən
sonra ermənilər tərəfindən talan edilib, hər şey dağıdılıb. Bəzi mənbələrə görə,
muzeyin əvvəlki dövründə 6000-dən çox eksponat olub. Bəzi mənbələrdə isə
eksponatların sayının 9000 olduğu deyilir. Şuşanın qəfil işğalı imkan verməyib
ki, muzeyin eksponatları binadan çıxarılsın. Onların içərisində çox dəyərli
fotoşəkillər, qrammofon valları olub. Milli-mənəvi dəyərlərimizi ehtiva edən bu
kimi bütün əşyalar ermənilərin əlinə keçib və onların vandalizminin qurbanı
olub. Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb. Muzeyi bərbad
günə qoyan ermənilər işğal dövründə binadan anbar kimi istifadə ediblər.
Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına əsasən unudulmaz sənətkarın ev-muzeyində
təmir-bərpa və yenidənqurma işləri yüksək zövqlə, böyük sənətkarlıqla aparılıb.
Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində
yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar
olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd
edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci
ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın
tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili
quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır. Şəhər ermənilər tərəfindən
işğala məruz qalarkən ev yararsız hala salınmış, yükdaşıyıcı divarlarında
çatlar əmələ gəlmiş, bəzi hissəsi isə çökmüşdü. Bərpa zamanı bütün yükdaşıyıcı
divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində bərpa işləri
aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz
olunub. Dam örtüyü, qapı və pəncərələr istismara yararsız halda olduğundan
binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib. Muzeyin həyətyanı
sahəsinin ilkin görkəmi saxlanılmaqla əlavə yay konsert salonu yaradılıb, müəyyən
dizayn işləri görülüb. Həyətdə Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri
işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini
nümayiş etdirmək məqsədilə saxlanılıb.
Muzeyin ekspozisiyasının qurulmasında,
eksponatların düzümü, nümayişi üçün müvafiq yerlərin seçilməsində, Bülbülün
1982-ci ildən Bakıda fəaliyyət göstərən ev-muzeyinin əməkdaşları əllərindən
gələni ediblər. Muzey öz fəaliyyətini yenidən davam etdirir. Bülbülün uşaqlıq
illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən
onun qavalı ziyarətçilərdə maraq doğurur. Muzeydə ziyarətçilərin ürək sözlərini
özündə əks etdirən 2 xatirə kitabı var. Kitabın biri fəxri qonaqlar üçün, digəri
isə adi vətəndaşlar üçün nəzərdə tutulub. Xatirə kitabından görünür ki, dünyanın hər yerindən Bülbülün ev-muzeyini
ziyarətə gəlirlər: Amerikadan, Avropa ölkələrindən, Orta Asiyadan, Rusiyadan,
Gürcüstandan, Yaponiyadan, Çindən, ərəb ölkələrindən...
Xatırladaq ki, Şuşada ötən bir il ərzində bir
sıra tədbirlərə məhz Bülbülün muzeyi evsahibliyi edib. İlk tədbir dahi sənətkarın
125 illik yubileyi münasibətilə Bülbül adına Beynəlxalq VIII Vokal Müsabiqəsi çərçivəsində
reallaşıb. Yekun konsertdə dünyanın hər yerindən gəlmiş qonaqlar iştirak ediblər.
Diplomatların Şuşada keçirilən konfransının rəsmi
hissəsi Gövhər ağa məscidinin yanında, bədii hissəsi isə Bülbülün ev-muzeyinin
yay konsert zalında keçirilib. Konsertdə 200 nəfərdən çox diplomatımız iştirak
edib.
Bülbülün ev-muzeyinin açılışının birilliyi ərəfəsində
Azərbaycan Gənclər Fondunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının
və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı
ilə "Xarıbülbül" şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi
açılışı olub. Elə həmin gün muzeyin açılışının birilliyi rayon rəhbərliyi və
bir sıra digər qonaqlarla birgə qeyd edilib. Muzey kollektivi çalışır ki, öz
işlərini elə qursun ki, yaxın gələcəkdə bu müqəddəs ünvan qədim Şuşanın adına
layiq musiqi ocağına çevrilsin, burada vaxtaşırı ustad dərsləri keçirilsin,
konsertlər, görüşlər, müsabiqələr təşkil olunsun. Görünən odur ki, Şuşada mədəniyyət
müəssisələrinin və tarixi abidələrin bərpa olunaraq yenidən fəaliyyətə
başlaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun rəhbəri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə necə
böyük qayğı göstərdiklərinin bariz nümunəsidir.