Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki
tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda cümə
məscidi və Bərdə imamzadə türbəsinin müəllifi olan Azərbaycan memarı Kərbəlayi
Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilmişdir. Bu haqqda məlumat
məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilir. 1980-ci illərdə
məsciddə restavrasiya işləri aparılmışdır. Məscidin interyerlərinin işlənməsində
qabartma və yapma bəzəklərdən bol istifadə olunmuşdur. Şuşanın işğalından sonra
məscid xarabalığa çevirilmiş, onun zəngin interyerləri tamamilə, minarəsi isə
qismən dağıdılmışdır. Araşdırmalara görə, Saatlı məscidinin yerində 1759-cu ildə
Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olub, məhz bu mədrəsədə
böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs deyib. 1992-ci il mayın 8-də Şuşa
Ermənistan tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş,
minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan
sonra məsciddə təmizlik işləri aparılıb, müəyyən təmir işləri görülüb.
Məscidin minarələrinin ümumi quruluşu Yuxarı Gövhərağa və
Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri
sırasında kompozisiya həllinə və xüsusilə minarəsinin olması ilə seçilən Saatlı
məscidi Kərbəlayı Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu
hesab olunur. Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas
fasadında assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən
fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Belə ki, şəhərdəki
bu tipli digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də,
Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə ilə zəngin naxışlarla bəzədilmiş
minarə inşa edilmişdir. Aşağı və Yuxarı Gövhər ağa məscidlərindən fərqli olaraq
Saatlı məscidinin minarəsi məscid binası ilə birləşik deyil və minarəyə giriş məscidin
daxilindən yox həyətindən həyata keçirilir. Saatlı məscidinin Divanxana
meydanından effektiv görünən, ifadəli rəngarəng vertikalı ilə özünəməxsus
kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında
tamamlayıcı rol oynayır. Minarənin üstü çadır formalı gümbəzlə tamamlanır. Məscidin
interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə
olunmuşdur. Məscidin interyer həlli bədii kamillik nümunəsi də hesab oluna bilər.
Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı
üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər
yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub.
Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki,
minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri
zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş
“Qurani-Şərif” hədiyyə edib.