Sadıqcanın evi
Sadıqcan (Mirzə Əsəd oğlu Sadıq) Azərbaycan tar ifaçılığı sənətində
xüsusi yeri olan sənətkarlardan biridir. Onun evi Şuşa şəhərinin Merdinli məhəlləsində
yerləşir.
1846-cı ildə Şuşada anadan olan Sadıqcan tarı təkmilləşdirərək
ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb.
Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi
Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə
çevrilib. Sadıqcan həm də istedadlı bəstəkar olub. O, “Orta segah” və
“Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib. Dövründə “Qafqazın birinci
tarzəni” hesab olunan sənətkar 1902-ci ildə Şuşada vəfat edib.
Musiqiçinin doğulduğu birmərtəbəli ev iki otaqdan ibarət
idi. Daha sonra sənətkar kimi şöhrəti və qazancı artıqdan sonra Şuşanın ən
yaxşı küçələrindən birində üçmərtəbəli bir ev tikdirir və özü də bir neçə gün
tikinti işlərində iştirak edib.
Sadıqcanın evi işğal zamanı ermənilər tərəfindən dağıdılıb,
hazırda tikilinin xarabalıqları qalıb. İşğaldan öncə evin divarında Mədəniyyət
Nazirliyi tərəfindən qoyulmuş xatirə lövhəsi olub.
Hazırda Sadıqcanın evində bərpa və yenidənqurma işləri
aparılır. Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti səfəri zamanı bu evin bərpası işləri
ilə tanış olublar. Musiqiçinin evi ilkin görkəmini 80 faizə qədər itirib.
Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəzalı vəziyyətindədir.
Sadıqcanın evində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Sadıqcanın evi ölkə əhəmiyyətli memarlıq abidəsi
kimi dövlət qeydiyyatına alınıb.