Şirin su hamamı — Milli memarlıq ənənələrini
özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə
düzbucaqlı formadadır. Hamam Nazirlər Kabinetinin qərarı ilə ölkə əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.
Şuşa hamamlarından biri olan Şirin
su hamamı 1878–1880-ci illərdə Bazar başında Şuşanın Merdinli məhəlləsinin
başlanğıcında Xurşidbanu Natəvanın Qarabağın zəngin tacirlərindən olan Hacı
Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə sifarişi ilə tikilib.
Hamamın memarı Kərbəlayi Səfixan Qarabağidir. Hamam Natəvanın 1873-cü ildə
Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyinə görə Şirin su hamamı adlandırılıb.
Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət
edib. Hamam Şuşanın
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə qədər fəaliyyət göstərib.
İşğaldan sonra binanın özü salamat qalsa da daxilində müəyyən dəyişikliklər
edilib. Divardakı rəsmlər silinib daxilində hamama aid olmayan hovuz tikilib.
Xan qızı saxsı borularla şəhərə su çəkdirərkən bir qol da hamam üçün ayırmışdı.
Şəhərin digər hamamlarında şor sudan istifadə edildiyi halda həmin hamam şəhərə
çəkilən şirin su ilə işləyirdi. Elə buna görə də Hacı Rza hamamına el arasında
"Şirin su hamamı" deyilirdi. Tacirin oğlanları İsmayıl bəy və Ağakişi
bəy ataları vəfat edəndən sonra da onu işlədiblər və sonralar el arasında
"Ağakişi bəyin hamamı" kimi tanınıb. Böyük Vətən müharibəsi illərinədək
işləyən hamam sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Ötən əsrin
80-ci illərinin axırlarında bərpa edilib və şəhərin işğalınadək işləyib".