Qaraböyük xanım sarayı və ya Qara Böyük Xanım bürcü — Şuşa şəhərinin
tarixi mərkəzində yerləşən tarixi saraydır. Mənbələrdə Şuşa qalası ərazisində
bir neçə sarayın olması haqqında məlumat verilsə də, onlardan yalnız ikisi
Qaraböyük xanım sarayı və Pənahəli xan sarayı dövrümüzə çatmışdır. Qaraböyük
xanım qəsrinin giriş qapısı üzərindəki kitabədə onun hicri 1182-ci ildə (miladi
1768-ci il) inşa edilməsi göstərilmişdir.
Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının
yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa
başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin
memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun
ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray
kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda
hökmdar qəsrləri İçəri qala, Bala qala və ya məsələn Təbrizdə olduğu kimi Ərk
adlandırılırdı.
Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından
başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə
malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin
inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Şuşa qalasında inşa edilmiş qəsrlərdən yalnız ikisi dövrümüzə
çatmışdır ki, onlar da biri qalanın cənub-şərq tərəfində yerləşən Qaraböyük
xanım qəsri, digəri isə dərin yarğan yanındakı qaya kənarında ucalan Pənahəli
xanın qəsridir. Qaraböyük xanım qəsrinin giriş qapısı üzərindəki kitabədə onun
hicri 1182-ci ildə (1768) inşa edilməsi göstərilmişdir.
Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri
qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn
XIX əsrin ortalarında "Qafqaz" (rus. Кавказ) qəzetində yazılır:
"Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin
yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər.
Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir."
Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki,
demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda
düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi.
Daxildən bu divarlara bitişik şəkildə qəsr sakinlərinə xidmət edənlərin
yaşaması üçün saray tipli binalar inşa edilirdi. Şuşa qəsrlərinin həcm-məkan və
plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir
göstərmişdir.
Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin də girişləri
şimal istiqamətində yerləşir. Birbaşa girişdən müdafiə olunmaq üçün qapının
qarşısında prizmatik örtüklə tamamlanan qüllə ucaldılmışdı.
Saray kompleksinə daxil olan birmərtəbəli yaşayış və xidməti
binalar binanın daxili perimetri boyunca yerləşdirilmişdir. Onların damında 1.5
metr hündürlükdə qəsrin divarlarında mazğallar yerləşdirilmişdir ki, bu da
yaşayış binalarının damını müdafiə meydançalarına çevrilmişdir.
Şimal istiqamətində yerləşdirilmiş əsas giriş qapısı
İbrahimxəlil xan sarayında olduğu kimi həll edilsə də, burada qabağa çıxan
prizmatik həcm ikimərtəbəlidir. Onun ikinci mərtəbəsi həyətin yanlarında yerləşən
daş pilləkənə aparır. Saray binasının yuxarı mərtəbəsində kompleksin sahibəsi və
onun ailəsi məskunlaşmışdı. Otaqların divarları və tağvari tavanları divar rəsmləri
ilə bəzədilmişdir. Otaqların perimetri boyunca 1.8 metr hündürlükdə stalaktitlə
dəstəklənən ləmpə keçir.
Saray kompleksini əhatə edən qala divarlarının yuxarı
qalxdıqca daralan qüllələri iki yarusludur. Qüllələr gümbəzvari örtüyə
malikdir. Qüllələrin birinci və ikinci mərtəbələrində daş kamin – burxarı və
niş – taxçaların yerləşməsi onların da müdafiə xüsusiyyətindən başqa həm də
yaşayış binası kimi istifadə edildiyini göstərir.
Saray binasının həm tavan həm də divar hörgüsü yaxşı
yonulmuş kiçik ölçülü daşlardan diqqət və səliqə ilə hörülmüşdür. Plastik
elementlərin işlənməsində zəriflik hiss olunur.
Qara Böyükxanım qəsri ölkə əhəmiyyətli memarlıq abidəsi kimi
Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınıb.