Podkast - Cıdır düzü

Cıdır düzü

Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi.

Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri olub. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük veriblər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçiriblər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunub. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilib. Yarış qaliblərinə qarşı comərdcəsinə davranış sərgilənib, dəyərli hədiyyələr verilirib. Gənclər at belində yarışmaya daha böyük maraq göstəririblər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan olub. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu. Sonra isə, ardıcıl olaraq, sürəti azaltmadan onları yığıb taxmalı idilər. "Papaq oyunu" və "Yaylıq oyunu" kimi məşhur oyunlar da Cıdır düzündə keçirilib.

Tarixi salnamələrə və yerli Şuşalıların xatirələrinə görə Cıdır düzü həm də pəhləvanların görüşdüyü və yarışdığı yer olmuşdur. Xüsusən də yerli güləşçilərin tanınmış əcnəbi pəhləvanlarla görüşlərinə çoxlu tamaşaçı toplaşırdı. Cıdır düzündə insanlar həmçinin qoç və dəvə döyüşləri də keçirirdilər.

Bundan başqa, Cıdır düzü ədəbi-musiqili məclislərin, musiqi şənliklərin də keçirildiyi yer idi. Mir Möhsün Nəvvab Cıdır düzündə "Məclisi-Fəramuşan" cəmiyyətinin məclislərini keçirir, bu məqsədlə xalq arasında sonralar "Ağzıyastı kaha" adlandırılan qonşu mağaralardan birini də bir çox şeylə təchiz etmişdi.

Cıdır düzündə insanlar nəinki bayramlarda toplanır, o cümlədən xarici nümayəndə heyətlərinin nümayəndələrini də qəbul edirdilər. Burada təşkil olunan bayram şənlikləri musiqi ilə yanaşı, kəndirbazların, klounların çıxışları ilə də müşayiət olunurdu. Şübhəsiz ki, Cıdır düzündən eyni zamanda hipodrom, stadion, konsert meydançası və şəhər meydanı kimi də istifadə olunurdu.

Şuşanın qərb hissəsi 1800 metr, şərq hissəsi dəniz səviyyəsindən 1400 metr yüksəklikdədir. Cıdır düzü Şuşanın cənubunda, ən yüksək hissəsindədir. Bu geniş çəmənlikdən durub Daşaltı çayına və 200 metr aşağıda yerləşən Daşaltı dərəsinə baxırsan. Cıdır düzünün kənarındakı cığır qırx pilləkana, Daşaltı dərəsinə və Xan mağarasına aparır. “Xəzinə Qalası” deyilən mağara da “qırx pilləkən”in yaxınlığındadır.

Bir zamanlar adı çox çəkilən, məşhur Xan mağarası 1992-ci ildə ermənilər tərəfindən dağıdılıb.

Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç yüksəklikdən ibarətdir. Bu yüksəkliklərə “Üçmıx” adı verilib.  İşğaldan öncə hər il may ayında Cıdır düzündə “Xarıbülbül” mahnı festivalları keçirilərdi. Qarabağ xanəndələrinin bir çoxu da Cıdır düzündə  oxuduqları muğamlarla məşhurlaşıb, bütün Azərbaycana ün salıblar.

Bir zamanlar Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Məmməd bəy Cavanşir Batmanqılınc, Natəvan, Vaqif və daha neçə dahi azərbaycanlının  gəzdiyi bu düzənlərdə gəzmək insana  fərqli duyğular yaşadır.

Cıdır düzü igidlərimizin iz yeridir. Azərbaycan əsgəri burada yalın əllə uçurumdan qalxaraq, düşmənə türk oğlunun nələrə qadir olduğunu göstərib.

Bir zamanlar Paşinyanın sərxoş vəziyyətdə yallı getdiyi Cıdır düzünü seyr eləmək hər bir azərbaycanlının qürurunu zədələmiş, ürəyini sızlatmışdı. Ölkə Prezidenti İlham Əliyev də görünür ki, ölkəsinin vətəndaşlarının hiss etdiklərini hiss etmiş, xalqa müraciətində demişdi: “Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq... Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda  rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”

Çox keçmədi ki, Müzəffər Prezidentimiz Cıdır düzündən xalqa səsləndi: “Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü... Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq...

Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”.