Podkast - Aşağı Gövhər ağa məscidi

Aşağı Gövhər ağa məscidi

Aşağı Gövhər ağa məscidi - Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə də tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır.

Birinci ad onun Yuxarı Gövhər ağa məscidi ilə müqayisədə coğrafi yerləşməsini, ikinci ad isə onun Cümə məscidi ilə müqayisədə ölçülərini bildirir. E. Avalov bildirir ki, 1855 -ci ilin baş planına əsasən Aşağı məscidin ölçüləri həqiqətən də Yuxarı məscidin ölçülərindən kiçik olmuşdur.

İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.

Aşağı məscidin əsas girişi şimal-qərb istiqamətdə yerləşir və onun oxu üzbəüz yerləşən mədrəsə binasının girişinin oxu ilə üst-üstə düşür.

Şuşanın eyni memarlıq-planlaşdırma prinsipi əsasında inşa edilmiş hər iki cümə məscidi hazırda demək olar ki, eyni ölçülərə malikdir: Yuxarı məscid planda 26.5x21.5 metr, Aşağı məscid isə 22.2x23.7 metr ölçüyə malikdir.[4]

Kərbəlayi Səfixan Qarabaği inşa etdiyi binaların bir çoxunun əsas fasadında əksər hallarda Şahbulaq məscidində olduğu kimi yarımdairəvi tağlı daş arkadalardan istifadə etmişdir.

Məscidin üç nefli iki otaqlı ibadət zalı planda kvadrat formasına malikdir. İbadət zalı çatmatağ tavan və beş gümbəzlə örtülmüşdür. Tavanın kompozisiya mərkəzi dörd oxvari tağ üzərində dayanan 5 metr diametrə malik oxvari günbəzlə vurğulanmışdır.

Məscidin ikinci mərtəbəsində uzunu boyunca yanlarda qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır. Pəncərə yerləri şuavari tağ formasında həll edilmişdir.

Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir. Belə memarlıq-planlaşdırma həllinin seçilməsi təsadüfi olmayıb, cənubda meydanın olması ilə əlaqəlidir. Əsas fasadın yerləşdiyi şimal tərəfdə isə geniş meydan və ya baxış nöqtəsi yoxdur.

Aşağı məscidin dairəvi minarələri kərpicdən inşa edilməklə hörülmüşdür. Yuxarı məsciddən fərqli olaraq burada minarələrin bəzədilməsi zamanı müxtəlif həndəsi naxışlara yer verilməmişdir, yalnız həndəsi formada yazılmış “Allah” ifadəsi burulan lent kimi kərarlanır. Oxşar ornament həlli Azərbaycan memarlığında geniş yayılmaqla Bərdə imamzadəsi, Şeyx Səfi türbəsi, Naxçıvan imamzadəsi və Gəncə imamzadəsinin minarələrində də rast gəlinir.