İsa bulağı - Dillərə dastan olan İsa bulağı elə Şuşa qədər məşhurdur.
Bir zamanlar Şuşa deyəndə yada İsa bulağı, İsa bulağı deyəndə Şuşa düşərdi.
Şuşaya bircə dəfə ayaq basmış hər bir azərbaycanlı mütləq şəkildə bu bulağın
suyundan eşq şərbətiymiş kimi içib, aşıqların diliylə desək, ilahi sevgi ona
buta verilib, könlü ömürlük bu torpaqlara bağlanıb.
İsa bulağı
Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində,
dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda
yerləşən səfalı istirahət guşəsi idi. Bulağı XVIII əsrdə ilk qalın meşəlik ərazidə
İsa adlı bir əkinçi kəşf edib, elə beləcə adı bu bulaqla birlikdə tarixə düşüb.
Elə bu məlumata əsaslanıb demək olar ki, İsa bulağının başında 18-19-cu əsrlərdə
məclislər qurulub, insanlar burada təbiətin gözəlliyindən zövq alıblar.
80-ci illərdə
İsa bulağını ziyarət etmiş hər kəs bu
bulağın başında yanıqlı zəngulələri ilə bülbülləri qısqandıran Mürsəl kişini yaxşı xatırlayır. Söhbət İsa
bulağının daimi xanəndəsi Mürsəl Hacıyevdən gedir. O, uzun illər İsa bulağına
dincəlməyə gələnləri öz ifası ilə feyziyab edib. Hətta o zamanlar Şuşada olub,
İsa bulağına getməmək, Mürsəl kişinin səsinə qulaq asmamaq ayıb kimi bir şey
idi. Arıq, ortaboylu, başında həmişə
tipik azərbaycanlı kişilərin qoyduğu “aerodrom” kepka olan Mürsəl
Hacıyev qavalı da xüsusi məharətlə
çalarmış. Mürsəl kişinin dolanışığı elə İsa bulağından çıxırmış, uzunömürlü sənətkarın
yaşı 90-nı ötsə də, oxumaqdan yorulmazmış.
“Şuşanın dağları” mahnısını xüsusi şövqlə ifa edərmiş. Ömrünü bu bulağa
bağlamış qocanın taleyi də Şuşanın
taleyinə bənzəyib. O, 1988-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətl
edilib. Həmin vaxt Mürsəl kişinin 110 yaşı varmış.
İsa
bulağının maraqlı bir xüsusiyyəti varmış . Yayda suyu buz kimi sərin, qışda isə
ilıq axarmış.
Tarixi mənbələrdə
İsa bulağının suyu həm xeyirli, həm də göz yaşı kimi dumduru deyə təsvir
edilir. İşğal illərində ermənilər İsa bulağının ətrafında abadlıq işləri
aparmış, istirahət mərkəzi yaratmış və
onu “İsaak bulağı” adlandırmışdı. Şuşa azad edildikdən sonra, İsa bulağı Şuşa Şəhəri
Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən
hazırlanıb, İsa bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı
da tam bərpa olunub.