Şuşa qalası — Şuşa şəhərinin
tarixi mərkəzini əhatə edən qala divarları
Möhkəmləndirilmiş şəhərlərin
inşa edilməsi tələbi XVIII əsrin II yarısında Azərbaycan memarlığının
inkişafına xüsusi təsir edərək, yerli hakim və onun ailəsinin yaşadığı mülklərin
qorunmasını əsas alan xüsusi şəhər tipinin yaranmasına səbəb olmuşdur. Şuşa da
şəhərsalma xüsusiyyətinə görə məhz belə şəhərlərdən biridir.
1747-ci ildə Cavanşirlər və
Otuzikilər sülalələrinin dəstəyi ilə Qarabağ xanlığının əsasını qoyan Pənahəli
xan möhkəm qala inşa etməyə qərar verir. 1748-ci ildə onun sifarişi ilə Bərdə
yaxınlığında Bayat qalasının inşasına başlanılır. Lakin, Bayat uzun müddət
xanın iqamətgahı olmur. Həyata keçirilmiş çoxsaylı möhkəmləndirmə işlərinə
baxmayaraq, qala xarici hücumçulara qarşı zəiflik nümayiş etdirir. Buna görə də,
Pənahəli xan yeni qala inşa etdirmək üçün strateji baxımdan daha əlverişli yer
axtarır. Nəticədə sonradan Şahbulaq adlandırılan Tərnəküt adlı yerdə, Şah
bulağı adlı bulağın yaxınlığında Ağdamdan 10 km aralıda yerləşən dağətəyi məkan
seçilir.
Lakin, bir müddət sonra
yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət
görürlər və beləliklə Şuşa qalasının inşasına qərar verilir.
Yeni qalanın inşası üçün elə
yer tələb olunurdu ki, dağlara çıxan elatlarla əlaqə üçün bir tərəfdən açıq
olsun, həm də Pənahəli xanın hakimiyyətinə tabe olan mahallarla əlaqəyə imkan
yaransın.
Əhməd bəy Cavanşir qeyd edir
ki, “qalanın inşası üçün seçilən "Əbədi keçilməz, əlçatmaz yer hətta ən
güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi."
Qarabağ tarixçisi Baharlının məlumatına
görə, yeni qalanın inşası üçün inşa edilmiş məkan şərq tərəfi istisna olmaqla hər
tərəfdən sıx meşələrlə əhatə edilmişdi. Qala ərazisi bir çox yerlərdə dərələrlə
tamamlanan yarqanlarla parçalanmışdır. Yarğanların olması təbii suların qala ərazindən
axıdılmasına imkan verirdi ki, bu da tez-tez yağışlı və dumanlı havanın
xarakterik olduğu Şuşada subasmanın olması imkanını sıfıra endirirdi.
Şuşa yaylasının ən mühüm
xüsusiyyətlərindən biri də yaxşı yonulan inşaat daşları və meşələrlə zəngin
olması idi. Bunlar qalanın inşası üçün yerli xammal rolu oynamaqla böyük dəyər
kəsb edirdi.
Fasiləsiz feodal müharibələri
zamanı qala divarları şəhər üçün həyati əhəmiyyət daşısa da, onların inşası şəhər
büdcəsinin böyük hissəsinin xərclənməsini tələb edirdi. Şuşa şəhərinin inşası
zamanı dağlıq ərazinin seçilməsi həm də qala divarlarının inşasında qənaətə
imkan vermişdir. Sərt qayalıqlar müdafiə sisteminin demək olar ki, 2/3 hissəsində
əlçatmaz mühit yaratmışdır. Buna görə də, Şuşa şəhəri ərazi seçiminə strateji
faktorun necə təsir etməsinin ən yaxşı nümunələrindən biridir.
Qalanın inşası üçün seçilmiş
yerin uğurlu olmasını bir çox şahidlərin ifadələri də isbat edir. XIX əsrin əvvəllərində
Qarabağa səfər etmiş məşhur ingilis səyyahı Q. Keppel Şuşa yaylasının uğurlu
strateji yerləşməsini qeyd edir. O, yazır: "təbii üstün mövqe – yüksək təpənin
demək olar ki, əlaçatmaz zirvəsində yerləşmə süni müdafiəyə az ehtiyac
yaradırdı." Qafqaz dağlarının yüksək zirvəzində inşa edilmiş Şuşa qalasını
təsvir edən qraf Platon Zubov da onun təbii strateji üstünlüyünü qeyd edir. Üç
tərəfdən – cənub, qərb və şərqdən – Şuşa yaylasını əhatə edən yüksək qayalıqlar
müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna
olmaqla, bütün tərəflərdən "tamamilə əlçatmazdır".
Şuşa yaylasını əhatə edən
qayaların hündürlüyü bəzi yerlərdə 400 metrə kimi çatır.
Rusiya hərbi tarixçisi Vasili
Potto Şuşanın Qacar şahzadəsi Abbas Mirzənin başçılıq etdiyi ordudan 48 günlük
müdafiəsini təsvir edərkən, həm də Şuşa ərazisinin topoqrafik baxımdan əlverişçi
şəraitini qeyd edir: "yarımdağılmış vəziyyətə düşmüş, lakin mövqeyinə görə
alınmaz olan qalanın mürəkkəb müdafiə planına ehtiyacı yox idi." Qalanın
inşası üçün seçilmiş yerin üstünlüklərindən biri də, buradan bütün ətraf ərazlərin
yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil
hücumunun qarşısını alırdı. P. Zubov yazır ki, "Şuşa yaylası tərəfdən ən
uzaq prespektivdə yerləşən və vadi boyunca səpələnmiş kəndləri, gözəl üzüm
bağlarını və meşələrlə örtülmüş dağları müşahidə etmək mümkündür."
Şuşa qalasının təbiət tərəfindən
yaradılmış alınmazlığından bəhs edərkən V. Potto və A. A. Kaspari şəhərin şimal
şərq hissəsində xüsusilə zirvəyə ucalan, "qədim Fermopildəki kimi böyük
bir ordunun qarşısının alınması üçün bir neçə nəfərin kifayət edəcəyi"
qayalıqları qeyd edirlər.
Qalanın dəqiq inşa tarixi
haqqında da dəqiq məlumat yoxdur. Qarabağnamələri redaktə və nəşr etdirən A. Ələskərzadə
və E. Şükürzadə qeyd edir ki, Şuşa qalasının təməlqoyma tarixinin hicri 1170-ci
il kimi göstərilməsi şübhəlidir. Onların fikrincə Mirzə Camal Cavanşir qalanın
təməlqoyma tarixini düz göstərməmiş, onun səhvini isə əsərlərində Əhməd bəy
Cavanşir və Mirzə Adıgözəl bəy[35] təkrarlamışlar. Onlar Şuşanın inşasının
başlanma tarixini 1751-ci il və ya 1770-ci ilin ikinci yarısı kimi qeyd edirlər.
E. Avalov qeyd edir ki, şair və
Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə
rəhbərlik və nəzarət etmişdir. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd
edir ki, "Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra
tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi."
Şuşa qalasının inşa edildiyi
sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ
yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi
isə 1300 m hündürlüyə malikdir.
Şuşa yaylasının bütün xarici kənarları
iti şəkildə Daşaltıçay və Xəlfəliçaya enən sərt qayalıqlarla əhatələnmişdir.
Şuşa qalasının memarlığında
feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi,
həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından
özünü büruzə verir.
Şuşa qalasının inşası zamanı
memar yerli relyefi əsas götürmüşdür və bu, şəhərin XIX əsrdə çəkilmiş
planlarında da aydın görünür. Buna görə də Şuşanın ladşaftı qala divarlarının xəttini
diktə etmiş və bütün qala divarlarının sərhədlərini müəyyənləşdirmişdir. Şuşa
qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda
isə demək olar ki onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı
müdafiə olunmasını təmin edir. Məhdudlaşdırıcı atəşin açılması üçün Bakı,
Çıraqqala və Buğurt qalalarında olduğu kimi, Şuşa qalasında da qüllələr
arasında düz divarlar ucaldılmışdır.
Şuşanın müdafiə divarları daş
və əhəng məhlulundan inşa edilməklə 2.5 km uzunluğa malikdir. Mirzə Yusif
Nersesov və Platon Zubov Şuşa qalasının xüsusi sərt görünüşlü mazğallarının
olmasını qeyd edirlər. Şuşa qalasının memarlıq-konstruksiya həlli zamanı
artilleriyadan istifadə də nəzərə alınmışdı ki, bu da böyük strateji üstünlük
verirdi. Bu məlumat XVIII əsrin sonlarında Şuşa qalasının müdafiəsində iştirak
etmiş tarixçi Yakov Zaxaryantsın sözləri ilə də təsdiqlənir: "Saat altıda,
döyüşçülər Dövtələbdə toplaşdıqdan sonra bütün tərəflərdə yerləşdirilmiş 30
topdan atəş açılmağa başlandı.”
Təməlqoyma dövründən XIX əsrin
ortalarına kimi Şuşa qalasında fasiləsiz yenidənqurma və genişləndirmə işləri
aparılmışdır. Pənahəli xanın vəfatından sonra onun oğlu İbrahimxəlil xan atası
tərəfindən başladılan inşaat işlərini davam etdirmişdir. Onun hakimiyyəti
dövründə və Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra da
Şuşa qalasının möhkəmləndirilməsi davam etdirilmişdir.
XIX əsrin əvvəllərində mürəkkəb
tarixi şəraitdə Şuşa qalası mühüm müdafiə sistemi rolunu oynamağa davam
etmişdir. Həmin dövrdə şəhərin Qacar ordusu tərəfindən ələ keçirilməsi təhlükəsi
yaranmışdı. Buna görə də yeni rus administrasiyası müdafiə sisteminin möhkəmləndirilməsinə
xüsusi diqqət yetirirdi. 1826-cı ildə Qacar ordusunun Şuşaya hücumu zamanı şəhərin
müdafiə divarları ciddi yenidənqurmaya ehtiyac duyurdu: "Həmin dövrdə Şuşa
qalası çox bərbad vəziyyətdə idi: bir çox yerlərdə onun müdafiə divarları
dağılmışdı, bir hissəsi isə yerli sakinlər tərəfindən sökülmüş və ev inşası
üçün daşları daşınmışdı; xəndəklər demək olar ki, dolmuşdu… Şuşanı müdafiəyə
bacarıqlı vəziyyətə gətirmək lazım idi." Mühasirəyə alınmış şəhər 10
günlük sülh razılaşmasından istifadə edərək "qala divarlarını elə bərpa
edir ki, perslərin çoxsaylı döyüşçülərinin hücumlarını asanlıqla dəf
edir." Qala uğurla bərpa edildiyinə görə, onun divarlarını hətta bu
mühasirə zamanı istifadə edilmiş ingilis topları da dağıda bilmir.
XIX əsrdə qalanın yenidənqurulması
və möhkəmləndirilməsi zamanı onun ilkin görünüşü qismən dəyişdirilmiş, ona yeni
müdafiə qüllələri əlavə edilmişdir. V. V. Vereşaginin "Dramatik tamaşanın
sonu" adlı rəsmində arxa fonda görünən Şuşa qalasının şimal divarlarının
qüllələri şəhərin dövrümüzə çatmış bütün baş planlarında olduğu kimi dairəvi
yox prizmatik formaya malikdir. Şuşa qalasının döyüş qüllələri haqqında Platon
Zubov da bəhs edir: "Şimaldan şəhərin müdafiəsi üçün inşa edilmiş qala
divarları köhnə üsulla ucaldılmış və Şuşa üçün yaxşı müdafiə rolu oynayan dairəvi
qala bürclərinə malikdir."
Şuşa qalası üç əsas qapıya
malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə
tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş
planlarında qeyd edilir. Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın
ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində
çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə,
Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə
qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala
divarlarının dördüncü qapının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən
edilməmişdir.
Memarlar hələ qədim dövrlərdən
şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz
qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də,
memarlıq-kompozisiya həlli baxımından Şuşa qalasının əsas – şimal qapısı zəfər
tağını xatırladır.
Pənahəli xanın hakimiyyəti
dövründə inşa edilmiş qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı və ya Çiləbörd
qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu Gəncə şəhəri və
Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi.
Şuşa qalasının Şimal qapısı
qala divarlarının ortasında – Ağoğlan və İrəvan qapılarının arasında yerləşir.
Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı
saxlanmış vəziyyətdə çatmışdır.
Şahmatvari və küknar düzülüşlü
ağ və qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvarı tağlı girişini
effektiv şəkildə əhatə edir. Giriş üzərində dağılmış yalançı pəncərə
çıxışlarının simmetrik izləri vardır. Onların arasında mazğallar və ya qala
bacaları yerləşir.
İrəvan qapısı və ya Xəlfəli
qapısı - Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində
yerləşir. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə
birləşdirirdi.
Gəncə qapısından fərqli olaraq
İrəvan qapısı daha ənənəvi tərzdə həll edilmişdir; oxvari tağa malik qapı iki tərəfdən
simmetrik yerləşdirilmiş iki yaruslu döyüş qüllələri ilə möhkəmləndirilmişdir.
Ağoğlan qapısı, Muxtar qapısı
və ya Şuşakənd qapısı - Şuşa qalasının şərq tərəfində yerləşir və şəhərin aşağı
hissəsinə girişi təmin edir. Bu qapıdan çıxan yol Şuşa şəhərini Şuşakənd və
Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin
bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd
edilmişdir. 1846-cı ilin "Qafqaz təqvimi"nə əlavə edilmiş yol xəritəsinə
görə Şuşa qalasını Ağoğlan qəsri ilə məhz bu qapıdan çıxan kəndlərarası yol
birləşdirirdi. Bu qapının tarixi mənbələrdə xatırlanan digər bir adı isə
Topxana qapısıdır.
E. Avalov qeyd edir ki, Rusiya
Dövlət Hərbi-Tarixi Arxivində saxlanan çertyoja əsasən qalanın şimal və qərb
qapılarından fərqli olaraq şərqdə yerləşən Ağoğlan qapısı döyüş qüllələri ilə bərkidilməmiş
və kifayət qədər sadə görünüşə malik olmuşdur. Giriş oxvari tağla həll
olunmuşdur.