Mehmandarovların evi — Şuşa şəhərində
yerləşən saray tipli tarixi yaşayış kompleksi. Azərbaycanın XVIII əsr mülki
memarlığının ən maraqlı nümunələrinən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə
məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və
ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnmişdir. Mehmandarovların
böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir.
İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış
binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib.
Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə
yetirmişdir. Şuşa işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən
Geologiya Muzeyi kimi istifadə edilib. 2020-ci ildə Şuşa işğalçılardan azad
edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri
aparılır.
Ev,
planda kvadrat formaya malikdir. İkinci mərtəbənin dörd otağından üçü evin yan
tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən erkerli böyük
otaq isə lakonik əsas fasada açılır.
Simmetrikliyin
olmamasına baxmayaraq, evin əsas fasadı hissələrin harmonikliyi təəssüratını
yaradır, yüngül erker və və girişin yaxşı işlənmiş portalı isə fasadı
tamamlayır. Binanın yan fasadında yerləşən pilləkən və taxta veranda onun ümumi
görünüşünü ağırlaşdırmır. Binanın memarlığında geniş pəncərələri vasitəsiylə
yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tutur.
Böyük
yaşayış binası və ailə məscidinin interyerləri Usta Qəmbər tərəfindən çəkilmiş
və Şəki xan sarayının divar rəsmlərini xatırladan rəsmlərlə bəzədilmişdir. Kompleksə
daxil olan Kiçik yaşayış binasında SSRİ dövründə Şuşa Tarix Muzeyi yerləşirdi.
Mehmandarovların
evinin kiçik otağının panellərində Usta Qəmbər özünəməxsus və başqa heç yerdə təkrarlamadığı
bir motiv işləmişdir. Şpaler rəsm (təkrarlanan naxış) prinsipinin əsas
götürüldüyü bu rəsmdə panelərin sütunlarla ənənəvi sektorlara bölünməsi müşahidə
edilmir. Burdakı zəngin kompozisiyada bitki budaqları üzərində oturmuş müxtəlif
quşlar təsvir edilmişdir. Kompozisiya Şəki xan sarayının ikinci mərtəbəsindəki
zalın nişlərindəki rəsmləri xatırladır. Açıq rənglərdən istifadə etməklə
yaradılmış bu panel rəsmləri divarın aşağı hissəsində yerləşdiyinə görə zamanla
korlanaraq dövrümüzə yaxşı çatmamışdır.
Otaqların
düzbucaqlı niş təsvirlərində süjetli rəsmlərə yer verilmişdir ki, bu da Şəkixanovların
evinin dekorunu xatırladır. Frizlərdə isə Şəki xan sarayında olduğu kimi
kompozisiya və rəng baxımından stilləşdirilmiş nəbati naxışlar yer almışdır.
Evin divar rəsmlərini tədqiq etmiş sənətşünas alim N. M. Miklaşevskaya bildirir
ki, "Həm Şəki xan sarayında, həm də Mehmandarovların evində friz təsvirləri
Usta Qəmbərin rəhbərliyi ilə işlənsə də, Mehmandarovların evinin təsvirləri
daha yaxşı alınmışdır. Onlar otağın ümumi təsvirləri ilə daha yaxşı əlaqələndirilmişdir."
Mehmandarovların
evinin parad zalında adətən stalaktitlərin yerləşdiyi hissədə tavan boyunca
uzanan və maraqlı frizlə bəzədilmiş oyuq vardır. Bu friz, çiçək və quş
kompozisiyasından formalaşdırılmış böyük medalyon formalı maraqlı naxışlarla bəzədilmişdir.
Mehmandarovların
evinin plafonu ümumi kompozisiya baxımından Şəki xan sarayı və Şəkixanovların
evinin plafonlarını xatırlatsa da, onun naxışları rəmg və kompozisiya
baxımından xalçaçılıq motivlərinə daha yaxındır. Qarabağ xalçaçılıq məktəbinə
xas mərkəzi medalyonlu və zəngin bəzədilmiş künc naxışlı xalçalarda həmin
kompozisiyanın analogiyasını görmək mümkündür.