Hacı Quluların mülkü — Şuşa şəhərində yerləşən tarix-memarlıq
abidəsi.
Şuşanın Çuxur məhəlləsindəki bu mülk İkinci Gildiya taciri
Qulu Məhəmmədəli oğlu tərəfindən 1849-cu ildə inşa etdirilib. Bir zamanlar Cəfərqulu
xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha
sonra, ticarətlə məşğul olur. Sonralar Şuşanın varlı tacirlərindən birinə
çevrilir və əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayır.
Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və
milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki
böyük qonaq zalı var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı
V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunub.
1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı
zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılmışdır.
Hazırda divarlarının bəzi hissələri qalmaqdadır.
Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı
boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki
yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin
tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında
yerləşən qonaq otaqlarından ibarətdir. Evin həyətə baxan fasadında üç mərtəbəli
açıq veranda yerləşir. Tikilinin yan tərəfində yerləşən açıq daş pilləkən bu
verandalara aparır.
Bu evin otaqları, xidmət məqsədinə uyğun olaraq müvafiq
formada inşa edilmişdir. Zəngin Şuşa evləri üçün xarakterik olan böyük zal
formalı qonaq otağı ilə yanaşı burada yemək və yataq otaqları da istifadə
profilinə uyğun memarlıq formalarına malikdir. Birinci mərtəbə ilə əlaqə parad
və xidmətçilər üçün nəzərdə tutulmuş iki pilləkən vasitəsiylə həyata keçirilib.
Əksər Şuşa ev və saraylarından fərqli olaraq Hacı Quluların
mülkü üçün tikilinin bütün fasadlarında yerləşən çoxlu sayda geniş pəncərələr
xarakterikdir. Pəncərələr hamısı şəbəkə ilə işlənmişdir.