İbrahimxəlil xan sarayı və ya
İbrahimxəlil xanın qəsri — Şuşa şəhərinin cənub-şərq hissəsində, Daşaltı kəndi
yaxınlığında yerləşən tarixi saraydır. Bəzi mənbələrdə saray həm də Qarabağ xan
sarayı adlandırılır ki, bu da İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayın
xan igamətgahı olması ilə əlaqədardır.
Azərbaycanın feodal dövrü qala-şəhərləri
üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən
formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan
yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə
hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək
üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə
Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Təbrizdə olduğu kimi
Ərk adlandırılırdı.
Adətən feodal şəhərlərinin inşasına
hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus
strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli
xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada
xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa
edilmişdi.
Qarabağ tarixçisi Mir Mehdi Xəzani
Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala
daxilində sarayların inşa edilməsini də vurğulayır:
Pənah
xan Şuşada özünə balaca qalaya oxşar qala divarları ilə əhatə edilmiş saray
inşa etdirdi. Öz sarayı yaxınlığında isə təpə üzərində oğlu İbrahimxəlil üçün
saray inşa etdirdi.
Şuşa qalasındakı qəsrlərin özünəməxsus
memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini
cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında "Qafqaz" (rus. Кавказ) qəzetində
yazılır: "Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi
üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə
malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə
edir."
Tarixi bilinməyən baş plana əsasən
müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya
malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə
müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr
sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi.
Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının
memarlıq xüsusiyyətləri təsir göstərmişdir.
Şahbulaq qəsrində olduğu kimi bu qəsrlərin
də girişləri şimal istiqamətində yerləşir. Birbaşa girişdən müdafiə olunmaq
üçün qapının qarşısında keçidə malik
prizmatik örtüklə tamamlanan qüllə ucaldılmışdı.
İbrahimxəlil xanın sarayı kvadrat
formalı tikili olmaqla dörd tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Qala
divarlarının dörd küncündə içəridən açıq olan yarımdairəvi qüllələr yerləşir. Qəsrin
içərisindən qüllələrə birləşən yaşayış binalarında sarayda yaşayanlara xidmət
edən qulluqçular yaşayırdı.
Qəsrin şimala istiqamətlənən əsas
girişi qabağa çıxmış prizmatik həcmlə müdafiə olunur. Bu baxımdan qəsrin girişi
Şuşa qalasının Gəncə qapısında tətbiq edilmiş texnikanı təkrarlayır. Bu cür
tikinti texnikası qapının müdafiəsini gücləndirərək ona birbaşa yaxınlaşma
imkanını sıfıra endirir.
Giriş qapısının konstruktiv həlli də
diqqəti cəlb edir: qapı bəndi bütöv daşdan hazırlanmış və 2.1 metr hündürlüyə
malik qapı çərçivəsi üzərində dayanır. Qapı bəndi üzərində yaxşı yonulmuş
daşlardan inşa edilmiş yüngülləşdirici tağ yerləşir. Tağın timpanı iri
yonulmamış daşlardan but hörgüsü ilə tikilmişdir. Giriş qapılarının bu cür həll
edilməsi Şuşa şəhərinin memarlığında geniş yayılmışdır.
Saray kompleksinə daxil olan bütün
tikililər kiçik ölçülü yaxşı yonulmuş daşlardan inşa edilmiş tağ-tavanla
örtülmüşdür. Şuşada bu cür tağ-tavanların inşa texnikası kifayət qədər sadə
olmuşdur. Belə ki, tikilinin divarları hörüldükdən sonra onun içi torpaqla
doldurulur və torpaq üzərində tağ-tavanın inşasına başlanılırdı. İnşa edilmiş
tavanın hörgülərinin qurumasından sonra isə binanın içi torpaqdan təmizlənirdi.