VAQİF TÜRBƏSİ - Görkəmli Azərbaycan şairi və
siyasi xadimi Molla Pənah Vaqifin türbəsi Azərbaycanın qədim mədəniyyət mərkəzi
Şuşanın cənub-qərbində, məşhur Cıdır düzündə, şairin həlak olduğu qayalı təpədə
ucaldılıb.
Sağlığında da yeri ucalarda olub. Molla Pənah Vaqif şair kimi könüllərdə
taxt qurub. Lirik, aşiqanə şeirləri dillərə düşüb. O həm də görkəmli siyasi
xadim kimi yalnız vəziri olduğu Qarabağ xanlığında deyil, bütün Azərbaycanda,
eləcə də onun hüdudlarından kənarda tanınıb. Dövrünün mürəkkəb, ziddiyyətli
ictimai-siyasi hadisələrinin burulğanına düşən ömrü faciələrlə bitib. Molla Pənah
Vaqif oğlu Əliağa ilə birlikdə qətlə yetirilib. Tarix onun nə şairlik məharətini,
nə də siyasətdə bacarığını unutmayıb. Amma zaman Molla Pənah Vaqifə qarşı da
amansız olub...
1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək
istəyib. Yeri məlum olmayan məzar onun göstərişi ilə tapılıb. Ulu Öndər bərbad
halda olan, dağılmış məzarı ziyarət edib. Çıxışlarının birində gördüyü bu məzarın
Vaqifə layiq olmadığını söyləyib. Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı
üstündə abidə və türbə tikintisi aparılıb.
Tikintiyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, sənətşünaslıq
doktoru Ə.V.Salamzadə və əməkdar memar E.İ.Kanukovun layihəsi əsasında 1977-ci
ildə başlanılıb.
Türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma
xüsusiyyəti nəzərə alınıb. Azərbaycanın qülləvari türbələrinin kompozisiya
quruluşundan istifadə olunmasına qərar verilib. Müəlliflər xalq memarlığının
yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş
şəkildə müraciət ediblər.
Yüksək peşəkarlıqla hazırlanmış, qədim Şuşanın memarlıq üslubuna yenilik
gətirmiş Vaqif türbəsinin tikintisi 1982-ci ildə başa çatdırılıb.
1982-ci il yanvarın 14-də Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqif
türbəsinin və Şuşada Poeziya Evinin təntənəli açılışı olub. O qarlı gündə
keçirilən açılış mərasiminə Şuşaya tanınmış, istedadlı sənət adamları toplaşıb.
Həmin gün milli mədəniyyət və sənət bayramına çevrilib. Azərbaycanın ozamankı rəhbəri
Heydər Əliyev hər il Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş
verib. Beləliklə, həmin tarixdən etibarən hər il Vaqif Poeziya Günləri təşkil
olunub. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil
edilib. Ənənəyə çevrilən bu poeziya günləri hər il avqust ayında şairin vətəni
Qazaxdan başlayıb Şuşada yekunlaşıb.
Böyük təntənəyə çevrilən bu günlər erməni işğalınadək davam edib. Erməni
vandalları 1992-ci il mayın 8-də ələ keçirdikləri Şuşada vəhşilik törədib,
milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, tarixi
tikililəri uçurublar. Molla Pənah Vaqifin türbəsini də dağıdıblar. Kompleksin
binasını və burada sərgilənən bütün eksponatları məhv ediblər.
Otuz ilə yaxın erməni işğalında qalan ərazilərimiz 2020-ci ildə 44
günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən azad olundu.
Bu böyük zəfər azərbaycanlıların torpaq, yurd həsrətinin sonunu gətirdi. Artıq
işğaldan azad olunmuş həmin ərazilərimizdə tikinti-quruculuq işləri həyata
keçirilir. Erməni qəsbkarlarının işğalınadək keçirilmiş ənənəvi tədbirlər də bərpa
olunub.
Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra, 39 il əvvəl məqbərənin
açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı Vaqif türbəsini
ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və
yenidənqurma işlərinə başlanılıb. Təmir-bərpa və yenidənqurma işləri Heydər
Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə
ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə
gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb.
İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi
kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib,
korroziyaya qarşı əlavə tədbirlər görülüb. Eyni zamanda abidənin dam örtüyü
yenidən qurulub. Abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi
layihələri hazırlanıb. Həmin layihələr əsasında isə fasadın və daxili hissələrin
divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa olunub.
Ötən il avqustun 29-da Şuşada görkəmli Azərbaycan şairi və ictimai xadim
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən
sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Bir gün sonra - 2021-ci il avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin
açılışı olub. Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki,
Vaqifin məqbərəsi işğal edilmiş torpaqlardakı bütün digər tarixi abidələrimiz
kimi erməni vandalizminə məruz qalıb, bu gün isə məqbərə tam bərpa edilib və
ikinci açılışı olub.
Dövlət başçısı sovet dönəmində Vaqif türbəsinin tikintisinin əhəmiyyətini
diqqətə çatdırıb. Prezident İlham Əliyev deyib: “Çünki o vaxt Şuşa Dağlıq
Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər
Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar.
Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq
ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda Qarabağ xanının vəziri idi.
Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması
belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara
baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə
ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini
tapmışdır”.
Prezident İlham Əliyev qeyd edib ki, Şuşa Azərbaycan şəhəridir: “Şuşanın
təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn
il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala
baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan
bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz
qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı,
bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik.
Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində
yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik
və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.
Vətən müharibəsindən sonra ilk dəfə
Şuşaya 2021-ci il yanvarın 14-də - Vaqifin məqbərəsinin açılışının keçirildiyi
gündən düz 39 il sonra gəldiyini deyən Prezident İlham Əliyev bildirib ki,
bunun da böyük rəmzi mənası var idi və ilk göstərişlərdən biri də o oldu ki,
Vaqifin məqbərəsi bərpa edilsin. Dövlət başçısı bildirib: “Şuşanın tarixi abidələrinin
bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən
dağıdılmış Vaqifin büstü bərpa edildi...”