Xan qızı Natəvanın evi — Şuşa şəhərində
yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi
Xurşidbanu Natəvanın evi Şuşanın
ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini
əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malikdir.
Evin cənub divarı kərpicdən, qalan
divarları isə yerli daşlardan inşa edilmişdir. Bina planda uzunluğu 24, eni
12.5 metr ölçülərdə düzbucaqlı formasına malikdir. Binanın yerdən dama qədər
olan hündürlüyü 8.5 metrə bərabərdir. Binanın birinci mərtəbəsində xidməti
xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir.
Cənub tərəfdə üç giriş qapısı var. Onlardan ortada yerləşən qapı dəhlizə,
yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.
Aşağı mərtəbənin otaqları iki qrupa
bölünür ki, onlardan da birinə dörd, digərinə isə üç otaq daxildir. Bu otaq
qrupları arasında əlaqə yalnız dəhliz vasitəsiylə həyata keçirilir.
Parad xüsusiyyəti daşıyan ikinci mərtəbəyə
evin qərb divarında inşa edilmiş daş pilləkən aparır. İkinci mərtəbənin mərkəzində
geniş qonaq zalı, onun ətrafında isə yaşayış üçün nəzərdə tutulmuş dörd otaq
yerləşir. Zal, hər iki tərəfdən bütün uzunluğu boyunca iri şəbəkə pəncərələr
vasitəsiylə işıqlandırılır. Cənub divarında böyük giriş qapısı ətrafında daha
iki pəncərə yerləşir. Parad zalının hündürlüyü 5 metrə yaxındır. Altında
antresollar yerləşən digər dörd otağın hündürlüyü isə bir qədər azdır. Parad
zalının interyerinin bəzədilməsində freska rəsmləri və alebastr üzərində oyma
naxışlardan istifadə olunmuşdur.
Natəvanın sarayının memarlığı Şuşa
şəhərinin yaşayış tikililərinin memarlığı üçün xarakterik olmasa da, böyük
maraq kəsb edir. Tikilinin cənub fasadı vertikal şəkildə yerləşdirilmiş bellərlə
bölünmüşdür. İkinci mərtəbənin pəncərələrini çərçivəyə alan bellər isə digərləri
ilə müqayisədə daha da genişləndirilmişdir. Bölünmələr arasındakı fərqli məsafələr
sayəsində binanın memarlığı quruluqdan xilas edilmişdir. Üstdən əlavə edilmiş
horizontal bölünmələr sayəsində fasad düzgün və yüngül xarakter əldə etmişdir.
Evin birinci və ikinci mərtəbəsinin
kərpic divarı oxvari tağlar və düzbucaqlı formaya malik pəncərələrlə həll
edilmişdir. Üçüncü mərtəbə isə kör kərpic divara malikdir. Fasadın bu cür
bölünməsi maraqlı işıq-kölgə oyunu effekti yaratmışdır. Binanın yerli daşlardan
tikilmiş və şimala baxan fasadı isə öz formaları ilə yerli Şuşa evlərinin
memarlığına daha yaxın olsa da, memarlıq işlərinin keyfiyyətinə görə, bir çox bəy-ağa
evlərindən geri qalır.
Bülbülün təşəbbüsü ilə Azərbaycan
SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi
olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq
musiqi məktəbi idi). Məktəbə rəhbərlik Həsənov soyadlı şəxsə tapşırıldı. Məktəb
Xan qızı Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdı.
1987-ci ildə binada restavrasiya
işləri aparılmış və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
filialı olan Xurşidbanu Natəvanın ev-muzeyi fəaliyyətə başlamışdır. Muzeyin ilk
direktoru Namiq Babayev olmuşdur.