Yuxarı Gövhər ağa məscidi və
ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində
tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi
qeydiyyata alınmışdır.
Yuxarı Gövhər ağa məscidinin
inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ
xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan
sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil
xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində
daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi
ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli
üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında
üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa
edilmişdir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı
Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir.
Şuşada Aşağı Gövhər ağa məscidi, Ağdam cümə məscidi və Bərdə imamzadəsi ilə
yanaşı Yuxarı Gövhər ağa məscidi də memarın ən yaxşı əsərləri sırasına
daxildir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid
yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri
Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir. Məscid, özündən əvvəlki tikilinin
inşaat oxlarını təkrarlayır. Dördüncü məscid kompozisiya-planlaşdırma və
memarlıq bədii xüsusiyyətləri baxımından sələfindən kəskin şəkildə fərqlənir.
Giriş Şahbulaq məscidində olduğu kimi yarımdairəvi daş tağla həll edilmişdir. Kərpiclə
hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli
daşlarla bəzədilmişdir.
Qarabağ xanlığının mərkəzini
Şahbulaq qalasından Şuşaya köçürməyə qərar verən Pənahəli xan yeni şəhər
salınmasına qərar verir. Həmin dövrdə onun göstərişi ilə Şuşa qalası, qala
daxilində xan ailəsi üzvləri üçün qəsr və saraylar, o cümlədən məscid inşa
edilir. Şuşada həmin dövrdə bütün tikililərin daşdan inşa edilməsinə
baxmayaraq, məscidin inşasında qamışdan istifadə edilmişdi. Həmin məscidin
memarlıq xüsusiyyətləri haqqında heç nə məlum deyil. Qarabağ tarixçisi
Baharlının məlumatına görə, məscid iki qapıya malik olub. E. Avalovun fikrincə
inşaat materialı kimi qamışın seçilməsini tələsgənliklə izah etmək olar.
Pənahəli xanın oğlu İbrahimxəlil
xan hakimiyyətə gəldikdən sonra, hicri 1182-ci ildə (miladi 1768–1769) qamış məscidin
yerində yeni məscidin inşa edilməsini sifariş verir. Yeni məscidin inşasında
daş və əhəng məhlulundan istifadə olunur.
XIX əsrin I yarısında Gövhər
ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin
yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. Həmin məscidin təsvirlərinə
Vasili Vereşaginin rəsmlərində rast gəlmək mümkündür. Həmin rəsmlər məscidin
memarlıq-bədii xüsusiyyətləri haqqında məlumat verən yeganə mənbələrdir.
"Şimal arısı" (rus. Северная пчела) qəzetinin 1836-cı ildə verdiyi məlumata
görə, həmin dövrə kimi Şuşada inşa edilmiş məscidlərin heç biri minarəyə malik
deyildi. V. Vereşaginin rəsmlərindəki Şuşa cümə məscidi təsvirlərinə əsasən demək
olar ki, minarələr binanın əvvəldən düşünülmüş vahid yaradıcılıq ideyasının nəticəsi
olmaqla, heç də sonradan ona əlavə edilməmişdir. Təsvir edilən minarələr şəhərin
əsas dini tikilisinin həcm-fəza kompozisiyası ilə sıx və orqanik əlaqədə
olmuşdur. Məhz bu fakt, V. Vereşaginin rəsmlərindəki məscidin İbrahimxəlil
xanın məscidinin yenidən qurulması deyil, tamamilə yeni məscid olmasını sübut
edir. E. Avalovun fikrincə, Vilhelm Timmin XIX əsrin ortalarına aid "Şuşa
qalası" adlı rəsmində minarə təsviri Verşaginin təsvir etdiyi məscidin XIX
əsrin I yarısında inşa edilməsini ehtimal etməyə əsas verir. Ş. Fətullayevin
fikrincə, V. Vereşaginin "Şuşa məscidi" təsvir edilmiş rəsmini
1838-ci ilə aid etmək olar. V. Vereşaginin təsvirinə görə, Şuşanın üçüncü cümə
məscidi iki mərtəbəli, mərkəzi günbəzli və qoşa minarələrə malik bina idi. Bu məsciddə
kompozisiya oxları dəqiq qeyd edilmişdi – şimal fasadında simmetrik yerləşdirilmiş
əsas giriş şimal-cənub əsas oxu üzərində idi. Həcm məkan həlli və memarlıq
formalarına görə, bu bina XVI–XVIII əsrlərdə Azərbaycanda geniş yayılmış dini
memarlıq kompozisiyası xüsusiyyətlərini əks etdirirdi. A. Salamzadə binanın bu
xüsusiyyətini XVII əsrə aid Ordubad cümə məscidinin xüsusiyyətləri ilə müqayisə
edərək bildirir ki, Ordubad məscdidinin də əsas girişi düzbucaqlı çərçivəyə
salınmış dərin oxvari nişin yaratdığı portal formasında həll edilib. Şimal
fasadının karnizi üzərində əhəmiyyətli dərəcədə yüksələn mərkəzi portallı
giriş, günbəz fonunda təntənəli görünüş alırdı. V. Vereşaginin rəsminə əsasən
bu portal girişinin mərkəzində yarımdairəvi əsas giriş, yanlarında isə kiçik
düzbucaqlı otaqlara açılan nişlər yerləşirdi.
Məscid binası ilə birbaşa əlaqədə
olan və cinahlardan onun əsa girişini əhatə edən iki slindrik minarə binanın
yuxarı yüksəlmiş memarlıq formalarını tamamlamaqla parlaq təəssürat yaradır.
Mövcud minarələrlə müqayisədə V. Verşaginin təsvir etdiyi minarələt təməldə
xeyli geniş olmaqla, yalnız formasına görə deyil, həm də dekoruna görə müasir
minarələrdən fərqlənir. Vereşaginin təsvir etdiyi minarələrin üzəri geniş lentlərin
yaratdığı sərt həndəsi naxışlarla örtülmüşdür. Minarələrin səthi stalaktitli
eyvanla tamamlanır, eyvanlar isə kiçi taxta dirəklər üzərində duran iti uclu
çadırvari damla örtülürdü. V. Vereşaginin "Tatarlar ibadət zamanı"
adlı başqa bir rəsmində isə Şuşa cümə məscidinin dekorlarının effektiv mükəmməlliyi,
tağların ornamental naxışlarının dəqiqlik və məntiqi sxemliyi, mərkəzi günbəzin
yelkənlərinin dizaynı diqqət çəkir. Ehtimal ki, qadınlar üçün nəzərdə tutulmuş
ikinci yarusun künc tərəflərində səliqəli ballüstradalı eyvanlar uzanırdı. Məscidin
divarlarından birində Şuşa şəhərinin əsasının qoyulması tarixi qeyd edilmişdi.
1883-cü ildə Gövhər ağanın
maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Verşaginin təsvir
etdiyi məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa
edilmişdir. Həmin məscid bizim dövrümüzə yaxşı saxlanmış vəziyyətdə çatmışdır.
Qarabağ müharibəsi zamanı
Şuşanın işğalından sonra məscid qismən dağıdılmış, interyerləri demək olar ki,
məhv edilmiş, minarələrinin dekoru zədələnmiş və çadırvari örtükləri
dağıdılmışdır.
Dördüncü məscid, özündən əvvəlki
tikilinin inşaat oxlarını təkrarlayır. E. Avalov qeyd edir ki, ola bilsin,
memar əvvəlki tikilinin özüllərini yeni məscid binası üçün istifadə etmişdir və
bu hala Şərq memarlığında tez-tez rast gəlinir. Məscidin ümumi ölçüləri planda
26.5 metr və 21.5 metrə bərabərdir. Dördüncü məscid kompozisiya-planlaşdırma və
memarlıq bədii xüsusiyyətləri baxımından sələfindən kəskin şəkildə fərqlənir.
Üçüncü məscidin portallı geniş
nişi demək olar ki, bütün şimal fasadını bəzəyən geniş eyvanla əvəzlənmişdir.
Giriş Şahbulaq məscidində olduğu kimi yarımdairəvi daş tağla həll edilmişdir.
Eyvanın ölçüsü planda eni 5.0, uzunluğu 14.5 metrə bərabərdir. Eyvanın tağları
üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır.
Məscidin əsas fasadının
memarlıq həlli dərin eyvanı ilə ona daha çox yaşayış binaları üçün xarakterik
olan və dini tikililərdə az rast gəlinən bədii sima bəxş edir. Bu bədii
xüsusiyyət Şuşanın sonuncu cümə məscidinin əsas fərqli xüsusiyyətlərindən
biridir. İki otaqlı ibadət zalı
planda demək olar ki kvadrat formasına malikdir. Üçüncü məsciddə olduğu kimi
burada da yanlardan eyvanlar uzanır. E. Avalov qeyd edir ki, Şuşada bir-birinə əks
olan yarımdairəvi və oxvari memarlıq formalarının bir binada birləşdirilməsi
Yuxarı Gövhər ağa məscidində rast gəlinən yeganə nümunə ilə məhdudlaşmır. Məsələn,
Aşağı Gövhər ağa məscidinin üçtağlı daş eyvanının mərkəzi hissəsi və
Mehmandarovların məscidinin yarımdairəvi yan tağlarından fərqli olaraq oxvari mərkəzi
tağa malik olmasını buna nümunə kimi göstərmək mümkündür. Yuxarı Gövhər ağa məscidinin
dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü
örtərək təxminən 5 metr diametrə malik olan iki günbəz fərqlənir. Minarələrin
içində yerləşdirilmiş 85 pilləkənli vintvari nərdivan münəzzim üçün nəzərdə
tutulmuş meydana çıxır. Minarə meydanının üstü üçüncü məsciddə olduğu kimi
zövqlə yonulmuş incə dirəklər üstündə duran çadırvari damla tamamlanır. Minarələrin
üstünü son zamanlara kimi ayparalar bəzəyirdi. Minarələrin pilləkənləri
vintvari şəkildə yerləşdirilmiş kiçik pəncərə yarıqları ilə işıqlandırılır. Kərpiclə
hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli
daşlarla bəzədilmişdir. Minarənin yuxarısında Quran ayələri yazılmış lent
vardır. Minarələrin naxış dizaynı, həmçinin məscid yaxınlığındakı mədrəsənin
ikinci mərtəbəsindəki kiçik otağın divar rəsmləri Mir Möhsün Nəvvab (1833–1918)
tərəfindən işlənmişdir. Orta əsrlərdə Avropa şəhərlərinin mərkəzi meydanlarında
inşa edilən hündür qülləli kafedrallar az mərtəbəli yaşayış binaları üzərində
dominant təşkil edərək hər tərəfdən görünür, şəhərə gələn şəxlərə əsas ticarət
küçələri və meydanının yerini işarə edirdi. Şərq ölkələrinin şəhərlərində, o
cümlədən Şuşada bu rolu hündür minarəli məscidlər həyata keçirirdi. Buna görə də
Yuxarı Gövhər ağa məscidinin kifayət qədər hündür olan oxvari minarələri və mərkəzi
gümbəzi şəhərin memarlıq kompozisiyasında dominantlıq təşkil edir.